Kiçik motorikanın inkişafı

04 Oktyabr 2019 15:55

İnsan bədəninin hərəkətetmə bacarığı onun motor bacarığıdır. Motor sözünün mənası da məhz hərəkət deməkdir. Tutmaq,  yazmaq,  cızma-qara etmək,  yapışdırmaq, kəsmək və s. kiçik motorik bacarıqlardır.  18 ayından etibarən uşaqlarda kiçik motorik bacarıqlar formalaşmağa başlayır. 3 yaşından sonra isə bu proses daha aktiv şəkildə baş verir. Kiçik motorika bilək və barmaqların köməyi ilə sinir,  əzələ və dayaq sisteminin birgə həyata keçirdiyi işdir.  Onun inkişafı uşağın gələcək bacarıqlarının təməlidir.  Elm təsdiq edib ki, kiçik motorika və nitq arasında bağlılıq var. Ona görə də, gündəlik məşğələlər kiçik yaşlı uşaqlar üçün çox əhəmiyyətlidir.  Əl barmaqlarının məşq etdirilməsi beynin fəaliyyətində önəmli rol oynayır.  Uşaqların kiçik  motor bacarıqlarını inkişaf etdirmək üçün ilk olaraq qalın rəngli karandaşlarla rəngləmək, plastilinlə iş kimi məşğələlərdən başlamaq  olar. Uşaqların düzgün yazı yazması, müşahidə, yaddaş və təxəyyülünün  inkişafında kiçik motorikanın əhəmiyyəti çoxdur. Həmçinin bu zaman bir çox əzələlər, görmə inkişaf edir.