Düşündürücü nağılların uşaqların inkişafı üçün hansı faydaları var?

11 Oktyabr 2019 10:46

Nağılları sevməyən uşaq yoxdur. Çünki, nağıllardakı maraqlı obrazlar, macəra dolu süjet xətti balacaları özünə cəzb edir. Uşaqlar üçün nağıl dinləmək təkcə bir əyləncə deyil, həm də öyrənmə prosesidir. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənir. Nağıllar vasitəsilə uşaqlara bir çox müsbət keyfiyyətlər aşılanır.  Bu folklor nümunələrində çox zaman xeyirxah, ədalətli obrazlar qalib gəlir, səbirli və çalışqan  olanlar məqsədlərinə çatır. Həmçinin nağıllarda uşaqlara  yaxşılıq etmək, yoldaşlıqda sədaqətli olmaq kimi keyfiyyətlər təlqin olunur. Nəticədə balacalar özlərini müsbət nağıl qəhrəmanlarına oxşatmaq istəyirlər.Nağılları seçərkən uşaqların yaşını da nəzərə almaq lazımdır. Kiçik yaşlı uşaqlar üçün daha çox qısa mətnli nağıllar seçmək məsləhətdir. Həmçinin şəkilli nağıl kitabları onların bu əyləncəsini daha da maraqlı edə bilər.