İkinci “Animafilm” Beynəlxalq Animasiya Festivalı yekunlaşıb

22 Oktyabr 2019 11:57

Oktyabrın 20-də II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya festivalına yekun vurulub. Festival zamanı yunan və çex cizgi filmlərinin təqdimatları, müsabiqə proqramları və digər tədbirlər keçirilib. Üç gün ərzində müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olunub.Müsabiqə proqramına təqdim olunan bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən izlənərək qiymətləndirilib. Seçim komissiyası “Ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyasında 197 film, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyasında 66 film, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyasında 13 ssenari arasından seçim edib.Festivalın bağlanış mərasimində qaliblərin adları elan olunub.

1. Ən yaxşı qısametrajlı animasiya filmi kateqoriyasında Çex Respublikasından “Qız” filmi birinci olub. Həmin film festivaldan öncə ABŞ Kino Akademiyasının “Tələbə Oskar”ına da layiq görülüb.

2. Uşaqlar üçün ən yaxşı animasiya filmi  “Papito” seçilib.

3. Ən yaxşı qısametrajlı animasiya filmi ssenarisi kateqoriyasında “Əsən” adlı ssenari qalib olub.

4. Tamaşaçı rəğbəti mükafatına isə Firəngiz Qurbanovanın “Anam ağaca çıxıb” filmi layiq görülüb.