Uşaqların söz ehtiyatını necə artırmaq olar?

02 Noyabr 2019 11:23

Gündəlik həyatımızda fikirlərimizi bölüşmək üçün ünsiyyət qurmalı, danışmalıyıq. Bəs yeni dil açan uşaqların söz ehtiyatı nə qədər olmalıdır?Mütəxəssislər deyir ki, 1 yaşında olan uşaq təxminən 10 sadə söz deməyi bacarmalıdır. Məsələn, ana, ata, nənə baba və s. Uşaq öz adını bilməli, ona müraciət olunan nitqi başa düşməli və ona reaksiya verməlidir. 2 yaşında olan uşaq artıq qısa cümlələr qurmalıdır. Onlar təxminən 50 sözdən istifadə etməlidir. 3 yaşında olan uşaq isə artıq cümlələri düzgün qurmalı, 200-300 söz istifadə etməli, suallar vermək, şeir söyləmək kimi bacarıqlara malik olmalıdır.Müxtəlif yollarla uşaqların söz ehtiyatını artırmaq olar. Bunun üçün onlara şerlər əzbərlədə, nağıl danışa bilərsiniz. Şəkilli kitablarla əşyaların adını öyrətmək də bu işdə faydalıdır. Loqoped Nərmin Əmirxanovanın sözlərinə görə, hazırda uşaqlar daha çox telefon, planşet və kompüterdə vaxt keçirdikləri üçün nitqləri passivləşir. Az ünsiyyət qurduqda nitq inkişaf etmir.Uşaqlarla nə qədər çox ünsiyyət qurularsa, onların söz ehtiyatı da o qədər zəngin olar. Buna görə də balacaların suallarını cavablandırmağa çalışın.