Solaxay uşaqları sağ əllə yazmağa məcbur etmək düzgündürmü?

08 Noyabr 2019 13:02

Dünya əhalisinin 10 faizinin solaxay olduğu bildirilir. Onlar hərəkətlərində sol ələ üstünlük verirlər. Solaxaylıq beynin xüsusiyyəti və genetikaya bağlı olan haldır. Bu hal uşaqlarda 3-5 yaşlarından bəlli olmağa başlayır.  Çox zaman valideynlər övladlarının solaxay olduğunu görüb onu sağ ələ keçirməyə çalışırlar. Mütəxəssislər bu vəziyyətin düzəldilməsinə heç bir ehtiyac olmadığını bildirir. Sağ ələ keçmə solaxaylarda  stressə səbəb ola bilər.Solaxay uşaqların sağ əllə hərəkətə məcbur edilməsi onların sinir sisteminə də mənfi təsir göstərir.Araşdırmalara görə solaxaylar informasiyanı tez və effektli qəbul edirlər. Belə uşaqlar normal şəraitdə öz çevikliyi və bilikli olması ilə seçilirlər.   Alimlər tərəfindən müəyyən olunub ki, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir. Solaxaylar rəssamlığa, musiqiyə, bəstəkarlığa daha çox meyilli olur. Adətən geniş fantaziyalara, həssas musiqi duyumuna və güclü yaddaşa malik olurlar. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır.Solaxaylığı qüsur kimi qəbul etmək doğru deyil. Bu sadəcə beynin quruluşundan asılı olaraq sol tərəfin hərəkət üstünlüyüdür.