Məktəblərdə tibb otaqlarının fəaliyyəti hansı səviyyədədir?

29 2018 15:56

Məktəblilərin təhsili qədər, onların sağlamlığı da önəmlidir. 2011-ci ildə qəbul edilmiş orta məktəblərin nümunəvi nizamnaməsinə əsasən,  təhsil müəssisələrində tibb otaqları fəaliyyət göstərməlidir. Bəs məktəblərdə tibb otaqlarının fəaliyyəti qənaətbəxşdirmi? Şagirdlərə hansı tibbi xidmətlər göstərilir? Xaçmaz şəhər Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbdə tibb kabineti fəaliyyət göstərir. Tibb bacısı Səmayə Xəlilova 40 ildən çoxdur ki, bu məktəbdə şagirdlərə tibbi yardım edir.Baş pediatr Nəsib Quliyev deyir ki,  Azərbaycanda uşaqlara tibbi xidmət sahə prinsipi ilə həyata keçirilir. Yəni, onların yaşadıqları yerdə və ya oxuduqları məktəbin yerləşdiyi ərazidə fəaliyyət göstərən uşaq poliklinikasının mütəxəssisləri tərəfindən şagirdlərə xidmət göstərilir. Təhsil müəssisələrinə  adətən təcrübəli pediatr və tibb bacıları təyin olunur. Hər 5 ildən bir onlar sertifikasiyaya cəlb edilərək imtahan olunur. Təhsil eksperti Kamran Əsədov bildirir ki,  tədris müəssisələrinə təyin olunan tibb işçiləri gündəlik olaraq müəllimlərin və şagirdlərin səhhəti ilə maraqlanmalıdır. Mütəmadi yoxlamalar aparılmalıdır. Onlarda hər hansı bir xəstəlik əlamətləri varsa bununla bağlı ilkin profilaktik tədbirlər görülməlidir.  Ekspertlər tədris müəssisələrində tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün kadrların işə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini məsləhət görür. Bundan əlavə tibb işçilərinin uşaqlarla işləmək bacarıqlarının nəzərə alınmasını tövsiyə edirlər.