Bakıda "Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam’’ filminin təqdimatı olub - Video

19 Noyabr 2019 09:56

Beynəlxalq Mətbuat Mərkəzində “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam’’ adlı sənədli filmin təqdimat mərasimi baş tutub. “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin təşkilatçılığı  keçirilən tədbirdə ziyalılar, ictimai-siyasi xadimlər,  əsir və girov düşmüş şəxslərin yaxınları iştirak edib. Ekran işi  Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə erməni vəhşiliyi ilə üzləşən insanların həyatına həsr olunub.  Məqsəd əsir və girov düşən insanların yaşadıqları ağrı-acıları geniş auditoriyaya çatdırmaqdır. Film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  maliyyə yardımı ilə çəkilib. 

Filmin süjet xətti əsir, girov və itkin düşən 3 azərbaycanlının taleyi üzərində qurulub. 1 kişi, 1 qadın və bir uşağın timsalında eyni taleni yaşayan minlərlə insanın faciəsi əks etdirilib.