Uşaqların asudə vaxtları səmərəli təşkil olunmalıdır- Video

18 Dekabr 2019 08:54

Uşaqların asudə vaxtınının səmərəli təşkili  vacib şərtlərdən biridir. Çünki bu uşağı zərərli vərdişlərdən qoruyur. Bir çox valideynlər övladlarını dərsdən sonra dərnəklərə yazdırır, incəsənət mərkəzlərinə  göndərir. Psixoloq Mehriban Mütəllimova deyir ki, uşaqları hər hansı dərnəyə yazdıran zaman onun istəyi və marağı nəzərə alınsa yaxşı olar.

Musiqi dinləmək və ya musiqi alətlərində ifa etmək məktəblilərin dərsdəki nəticələrinə müsbət təsir göstərir. Onların dünyagörüşünü artırır, təxəyyülünün, zəkasının inkişafına kömək edir.

Uşaq rəsm çəkən zaman dərindən düşünməyi, fikirlərini ifadə etməyi öyrənir. Rəssamlıq onların daxili aləmini üzə çıxarır, xəyal gücünü inkişaf etdirir. Uşaqlar reallıqla xəyal aləmi arasında olan fərqin və bağlılığın nə olduğunu anlayırlar.  

Uşaqlar arasında idman həvəskarları da az deyil. İdman sağlamlıq üçün çox faydalıdır. Çünki hərəkət edərkən bütün bədən üzvləri işləyir. Bu da uşağın fiziki cəhətdən möhkəmlənməsinə, özünə inam hissinin güclənməsinə kömək edir.

Asudə vaxtın maraqlı və səmərəli təşkili məktəblini tənbəllikdən  uzaq tutur və onların dərslərində uğur qazanmasına kömək edir.