9 yanvar- Beynəlxalq Xoreoqraflar günüdür- Video

10 2020 15:26

9 yanvar beynəlxalq xoreoqraflar günüdür.  Tanınmış xoreoqraf, xalq artisti Yusif Qasımov ömrünün 52 ilini rəqs sənətinə həsr edib. O, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoq kimi çalışır. Yusif müəllimin yetirmələri hazırda dövlət rəqs ansamblında və digər incəsənət kollektivlərində fəaliyyət göstərirlər.   

Xoreoqrafiyanı musiqi, müşayiət, səhnə tərtibatı, səhnə geyimi, rejissor işi olmadan təsəvvür etmək mümkün deyil. Peşəkar rəqqas olmaq üçün bu sənətin incəliklərinə yiyələnmək lazımdır. Bakı Xoreoqrafiya Akademiyasında təhsil alan şagirdlər milli və dünya xalqlarının rəqsləri ilə yaxından tanış olurlar. Burada onlara rəqsin sirləri aşılanır.  

Bakı Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən məktəbə qəbul 6 yaşdan başlayır. Həmçinin V və IX sinifdən də təhsil müəssisəsinə qəbul olmaq olar. Tədris klassik və xalq rəqsləri istiqamətlərində aparılır. Hazırda Akademiyanın nəzdindəki məktəbdə 333 şagird təhsil alır. Daha sonra şagirdlər imtahan verərək Akademiyanın nəzdindəki kollecə  daxil ola, həmçinin bakalavr və magistr təhsili ala bilərlər.