Qədim məişət əşyaları tarixin öyrənilməsində mühüm əhəmiyyət daşıyır- Video

14 2020 10:39


İndi olduğu kimi qədim dövrlərdə də insanlar məişətdə müxtəlif əşyalar dan istifadə ediblər. Zamanla sənayenin, texnologiyanın inkişafı nəticəsində bəzi əşyalar tarixə qovuşub. Hazırda onlar muzeylərdə eksponat kimi qorunur.  İnsanlar daşdan, ağacdan və sümükdən toxuculuq, ovçuluq, əkinçilik alətləri düzəldiblər.


Keçmişdə  dən daşları adlanan alət olub ki, ondan taxıl üyütmək üçün istifadə olunub. Ayrı-ayrı yerlərdə bu alət əl dəyirmanı, kirkirə kimi tanınıb. Bundan başqa ağacdan təknə, tabaq və başqa məişət əşyaları düzəldilirdi.


İnsanlar qatığı çalxalayıb yağ almaq üçün nehrədən istifadə edirdilər. Nehrələr saxsıdan və ya ağacdan hazırlanırdı.


Yun daramaq üçün daraq adlanan alətdən istifadə olunub.  Daha sonra cəhrədə yunu əyirərək ip alıblar. Toxuculuq alətlərindən biri də  həvədir. Ondan ilmələri döyüb bərkitmək üçün istifadə olunub.


Qədim məişət əşyaları ata-babalarımızın yaşayış tərzi,  məişəti haqqında bizə geniş məlumat verir. Alimlər eksponatlar və arxeoloji tapıntılar əsasında tarixi öyrənirlər.