20 Yanvar faciəsindən 30 il ötür- Video

21 2020 11:30

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. 1980-ci illərin sonunda SSRİ-nin tərkibində yaşayan xalqlar öz istiqlalı uğrunda mübarizəyə qalxmışdılar. Azərbaycanda da xalq hərəkatı geniş vüsət almışdı. Xalqımızın azadlıq mücadiləsini həzm edə bilməyən Sovet rəhbərləri dinc əhalidən qisas almağa qərar verdilər. Yanvarın 19-undan 20-sinə keçən gecə Sovet ordusu Bakıda qətliam törətdi. 


 Qanlı yanvar gecəsi 131 nəfər öldürülüb, 744 nəfərağır xəsarət alıb, 4nəfər itkin düşüb, 400 nəfər isə həbs edilib. Həlak olanlardan 4 nəfəri məktəbli olub.  Onlar 15 yaşlı Nəriman Hüseynov, 13 yaşlı İlqar İbrahimov, 13 yaşlı Larisa Məmmədova və 16 yaşlı Vera Bessantinadır. Faciə qurbanları Bakıdakı dağüstü parkda salınmış Şəhidlər xiyabanında uyuyurlar. Bu məkan Azərbaycan xalqının müqəddəs and yerinə çevrilib. 20 Yanvar faciəsi tariximizin hüzn və kədər, eyni zamanda  qürur və qəhrəmanlıq səhifəsidir. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.


2000-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümumxalq Hüzn Günü elan edilib. Hər il 20 Yanvar tarixində ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Yüz minlərlə insan şəhidlərin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.