Məktəblilər ilkin tibbi yardım qaydalarını öyrənib- Video

24 2020 14:12


Gözləmədiyimiz anda hər hansı yoldaşımızın və ya ətrafımızdakılardan kiminsə halı pisləşə, xəsarət ala bilər. Bu zaman ilkin tibbi yardım göstərməklə ona kömək etmiş olarıq. Bəs ilkin tibbi yardım nədən ibarətdir? Bakı şəhər 210 saylı məktəbin şagirdləri Həyat bilgisi dərsində ilkin tibbi yardım göstərməyi öyrəniblər.  


Əl oynağı yerindən çıxdıqda, əli boyuna bağlanmış ləçəkdən sallamaq məsləhətdir. Ayaq oynağı çıxığı zamanı zədə alan şəxsi uzatmaq, xəstə ayağa tam rahatlıq vermək üçün onun altına yastıq və ya mütəkkə forması verilən dəsmal qoymaq lazımdır. Hər iki halda zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoyun. Daha sonra isə xəstəni təcili şəkildə xəstəxanaya çatdırmaq lazımdır.


Yanıqlar zamanı ilk tibbi yardıma zədələnmiş sahənin soyudulmasından başlamaq lazımdır. Bədənin yanan sahəsi 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlanılmalıdır. Bu dərinin soyumasına, ağrının azalmasına kömək edir və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə islatmaq da olar, o ağrıkəsici təsir göstərir. 


Unutmayaq ki, hadisə zamanı göstərilmiş ilk tibbi yardım çox vacibdir. Bu səbəbdən sadə ilkin tibbi yardım tədbirlərini hər kəs bilməlidir.