Fəxriyyə Xələfova: “Dəb sahəsinə marağım olduğundan məktəbli geyimini təkmilləşdirmək istəyirdim”

08 Oktyabr 2018 12:32

Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova  “ARB Günəş”  televiziyasında yayımlanan “Mən məktəbli ikən” verilişinin qonağı olub.Fəxriyyə Xələfova Bakı şəhər,6 nömrəli orta məktəbdə təhsil alıb. Məktəb illərində onun  ən sevdiyi fənnlər biologiya və rus dili olub. Fəxriyyə xanım orta məktəbi biridikdən sonra Bakı Dövlət Universitetinin “Biologiya” fakültəsinə daxil olub. Lakin qəlbində hər zaman moda ilə məşğul olmaq arzusu ilə yaşayıb. Buna görə də dəb aləmindən gələn məlumatlardan bəhrələnib. O zaman internet olmadığına görə yalnız jurnallardan istifadə etmək məcburiyyətində qalıb: “Sovet ölkələrinin uşaqları vahid forma geyinərdi və onun bir modeli vardı. O vaxt çox təəssüf edirdim ki, niyə belə bir ənənə yaranıb. Dəb sahəsinə marağım olduğundan  məktəbli geyimini təkmilləşdirmək istəyirdim. Düşünürdüm ki, niyə biz tünd rəngli paltar geyməliyik, niyə bizə uşaqlıq dövrünə xas olan açıq rənglərdə paltar geymək olmaz? Dərsən evə gələn kimi məktəbli formasını dəyişmək, təkmilləşdirmək haqqında düşünürdüm”. Fəxriyyə Xələfova “ARB Günəş” televiziyasına münasibətinin çox müsbət olduğunu söyləyib: “Sevinirəm ki, burada yayımlanan verilişlər və cizgi filmləri Azərbaycan dilində uşaqlara təqdim olunur. Burada maarifləndirici verilişlər də çoxdur, bütün yaradıcı kollektivə uğurlar arzu edirəm” – deyə əməkdar insənət xadimi bildirib. Xatırladaq ki, “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş” televiziyasında yayımlanır.