Bakının qədim tarixi - İçərişəhər - Video

13 2020 16:01

İçərişəhəri çox vaxt şəhər içərisində şəhər adlandırırlar. Doğrudan da qala darvazasından içəri ayaq qoyanda sanki başqa bir aləmə - orta əsrlər şəhərinə düşürsən. Müasirliklə keçmişi bir-birindən yalnız qala divarları ayırır. Bakının tarixi məhəlləsi olan İçərişəhər qala divarları ilə əhatə olunub. Qala divarlarının hündürlüyü 8-10 metr, qalınlığı 3-5 metrdir. İçərişəhərin bir neçə giriş qapısı var – Şamaxı qapısı, Salyan qapısı və Qoşa Qapı onlardan ən məşhurlarıdır. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya əhəmiyyətli, 28 tikili isə ölkə əhəmiyyətli abidədir. İçərişəhər memarlıq kompleksinə daxil olan Qız qalası və Şirvanşahlar Sarayı 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Üçqat qala divarları və Qız qalası möhtəşəm müdafiə istehkamının bu günümüzə gəlib çatan nişanələrdir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib.

İçərişəhərdə 5 hamam, 4 böyük karvansaray var. Şəhərin İpək yolu üzərində yerləşməsi kiçik Qalada bu qədər karvansarayın tikilməsinə səbəb olub. Dostlar, əgər bu tarixi məkanda olmamısızsa çalışın bura səyahət edin. Atalar demişkən yüz eşitməkdənsə bir görmək yaxşıdır.