Uşaqların kompüter və planşetdən istifadəsinin gözə hansı ziyanları var?

12 Oktyabr 2018 11:12

Elə uşaqlar var ki, telefon və kompüter oyunlarını çox sevirlər. Hətta məktəbdən evə gələn kimi ilk olaraq telefonla oynamağa can atırlar. Lakin bir çox uşaqlar bu cihazların gözlərə vurduğu zərərdən xəbərsizdi. Mütəxəssislər bildirir ki, 3-4 yaşına qədər uşaqlar ümumiyyətlə, elektron cihazlardan uzaq tutulmalıdır. 5 yaşdan sonra uşaqlar gün ərzində 20-30 dəqiqə, 6 yaşda 40 dəqiqə, 9 yaşdan sonra isə saat yarıma qədər istifadə edə bilərlər. Amma bu saat yarım birbaşa istifadə olunmamalıdır. Həmin zamanı günə bölərək, yarım saatlıq müddətlərdə istifadə etmək lazımdır.Həkimlərin sözlərinə görə mobil telefondan və kompüterdən çox istifadə edən uşaqların yaddaşı zəifləyir. Azyaşlıların gözləri həssas olduğu üçün qızartılar, qaşınma və şişmə halları müşahidə olunur. Uzun müddət kompüterə və ya telefona baxanda gözümüz diqqətlə bir nöqtəyə zillənir. Bu zaman gözlər daha az qırpılır.  Nəticədə göz quruluğu yaranır və görmə problemləri əmələ gəlir. Dostlar, çalışın gözlərinizi qoruyun. Saatlarla televizor və kompüter qarşısında vaxt keçirmək dərslərdən yayınmağınıza da səbəb olacaq. Nəticədə həm səhhətiniz ziyan görəcək, həm də sinif yoldaşlarınızdan geri qalacaqsınız.